AMADA İdmançılar Məsləhətçi Komissiyasının heyətini açıqlayıb
Dopinqlə mübarizə sahəsinin və təmiz idmanın təşviqində idmançıların iştirakı çox mühüm rol oynayır. Bu amili fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) atletlərlə əməkdaşlığı tam yeni müstəviyə çıxararaq İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

Sıralarında ölkə idmanının müxtəlif sahələrini təmsil edən idmançıları birləşdirən komissiyanın əsas məqsədi agentliyin fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.

Tərkibi təsdiqlənən komissiya 12 nəfərdən ibarətdir. İdmançıların 10-u respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilib.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsiplərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının üzvləri İlham Zəkiyev (paracüdo), Hacı Əliyev, Rəsul Çunayev (güləş), Fəridə Əliyeva (karate), Fuad Qurbanov (atıcılıq), Aynur Məmmədova (parataekvando), Nazim Babayev (atletika), Ayan Xankişiyeva (velosiped), Siyana Vasileva (gimnastika), Kamran Şahsuvarlı (boks), Rüstəm Orucov (cüdo) və Ruslan Abışovdur (futbol).


Xəbər 111 dəfə oxundu.