“Rabitə”ni seçməkdə heç bir tərəddüd etmədim”
“Mən Azərbaycanda da İtaliyada oynadığım vaxt rəhbərliyi altında çıxış etdiyim məşqçilər korpusu ilə çalışacağam. Həmin məşqçilər korpusuna isə yenə Marçello Abbondanza rəhbərlik edəcək”. İdman.com.az saytının məlumatına görə, bunu Puerto-Pika millisinin voleybolçusu Aurea Kruz deyib.

“Rabitə”nin yeni transferi yeni mövsümdə hədəfləri barədə danışıb. İtaliyanın “Villa Kortese” klubunda dünya çempionlarının baş məşqçisi Marçello Abbondanza ilə birgə 3 il çalışan Kruz bildirib ki, əsas məqsədləri Çempionlar Liqasının tarixinə adlarını qızıl hərflərlə yazdırmaqdır:

“Komandamız Çempionlar Liqasını qazanmaq üçün formalaşdırılır. Biz də buna köklənmişik. “Rabitə” 2010/2011 mövsümündə bu turnirin gümüş medalını qazanıb, Abbondanzanın topladığı heyətinin isə əsas məqsədi həmin yarışın qalibi adına yiyələnməkdir. Belə görürəm ki, komanda buna tam hazır olacaq. Çünki klubumuz təcrübəli və gənc oyunçuların vəhdətindən qurulur”.

O, bunun üçün Azərbaycana gəlmək təklifini də məmnuniyyətlə qəbul edib: “Rabitə”ni seçməkdə heç bir tərəddüd etmədim. Baxmayaraq ki, digər liqa və klublardan da təkliflər var idi. Çünki Bakı təmsilçisi başqalarından fərqli, tək ölkə çempionu olmağı deyil, həm də adını Çempionlar Liqasının tarixinə yazdırmaq istəyir”.

Kruzun sözünə görə, “Rabitə”ni çalışdıracaq Abbondanza ilə işbirliyi də yaxşı alınır: “Qərarımı asanlıqla verməyimdə Abbondanzanın da orada olmasının rolu böyükdür. Onunla çalışdığım vaxtdan 3 il keçib. Lakin heç bir baş məşqçi həmin mütəxəssis kimi mənim potensialımı aça bilməyib. Azərbaycandakı karyeram həm də mənim üçün çox maraqlı olacaq. Çünki oranın mədəniyyəti haqda heç bir anlayışım yoxdur. Əsas məqsədim isə məşq etmək və oynamaq olacaq”.

Qeyd edək ki, Kruz Azərbaycana komandanın toplaşacağı avqustda gələcək.

Xəbər 1186 dəfə oxundu.