Rihanna ilə Şakira da Bakıya gələcəklər
Daha 2 dünya şöhrətli müğənni 17 yaşlı qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının oyunlarında çıxış edəcək. İdman.com.az saytının məlumatına görə, Cennifer Lopesin ardınca Rihanna ilə Şakiranın da ölkəmizə gələcəyi dəqiqləşib. Bu, ulduzların Azərbaycanda ilk çıxışları olacaq.

Rihannanın çıxışı oktyabrın 5-i saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4 oyunu zamanı təşkil ediləcək. Şakira isə həmin arenada oktyabrın 13-də, saat 19:30-da keçiriləcək final oyunu zamanı çıxış edəcək.

Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındakı müştəri xidmətləri mərkəzində satışda olacaq.

Qeyd edək ki, çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.

Xəbər 1559 dəfə oxundu.