Aydının “Aeroflot
Azərbaycan şahmatı neçə illərdir dünyada ön sıralarda mövqe tutmaqdadır. Mərhum Vüqar Həşimov, eləcə də Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi şahmatçılarımızın ən mötəbər yarışlarda uğurları, FİDE reytinqində ön sıralara çıxmaları, həmçinin digər komanda yoldaşları ilə birgə zəfərləri Azərbaycan şahmat məktəbini dünyada liderlər sırasına çıxarmışdı. Ancaq uzun illər idi ki, dünya şahmat tacına iddialı olmalarına ümid etdiyimiz şahmatçılar sırasına Şəhriyar və Teymurdan savayı qoşulası yeni ada rast gəlmirdik. İndi isə belə yeni ümidimiz var - Aydın Süleymanlı.

Doğrudur, Aydının reytinqi hələ aşağıdır, dünyanın ən aparıcı şahmatçıları ilə mübarizə təcrübəsi yoxdur. Ancaq onun hələ 14 yaşı var və bu yaşda artıq şahmat aləmində heç kəsin edə bilmədiklərini edərək, dünyaya səs salmağı bacarıb. Bunu Aydın tək 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olmaqla, həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutmaqla, 2014-cü ilin noyabrında Estoniyanın paytaxtı Tallinndə şahmatın blits və rapid növləri üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək 10 yaşlı oğlanlar arasında qalib olmaqla, 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa çempionatında 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanmaqla, ötən il isə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 14 yaşlı oğlanlar arasında dünya çempionu olmaqla, daha sonra Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olmaqla etməyib. Həqiqətən də qibtəedici nəticələrdir. Ancaq bu il fevralın 27-də o, Moskva "Aeroflot"unda heç kəsin indiyədək edə bilmədiyini etdi.

Doğrudur, "Aeroflot open" dünya şahmatının ən mötəbər yarışları sırasında deyil və Moskva yarışına qatılan ən reytinqli şahmatçı fevral ayında FİDE 22-cisi olan rusiyalı Vladislav Artemyev idi. Ancaq reytinqi 2600-dan, hətta 2700-dən yuxarı olan qrossmeysterlərin yarışında 2474 reytinqli 14 yaşlı beynəlxalq ustanın qalib olacağını yəqin ki, heç kəs gözləmirdi. Aydın Süleymanlı isə bu yarışda möhtəşəm zəfəri ilə dünya şahmat aləmini heyrətə gətirdi.

Ümumiyyətlə, builki "Aeroflot open" bir çox məqamları ilə heyrətamiz oldu. Bunları sadalamadan öncə yarışın əsas yekunlarını qeyd edək və keçək söhbətimizin davamına.

"Aeroflot open"in yekununda "A" turnirində 4 şahmatçı 9 oyunda 6,5 xal topladı. Onların sırasında azərbaycanlı beynəlxalq usta Aydın Süleymanlı əlavə göstəricilərə görə 3 qrossmeyster opponentini qabaqladı. Qazaxıstanlı Rinat Jumabayev 2-ci, Aydınla son turda heç-heçə edən həmvətəni Rauf Məmmədov 3-cü, hindistanlı Çitanbaram Aravind 4-cü yeri tutdular. 6 xalla ilk onluğu tamamlayan 6 şahmatçı sırasında əlavə göstəricilərə görə, ikinci olan daha bir Azərbaycan şahmatçısı Vüqar Əsədli yarışı 6-cı pillədə başa vurdu.

Maraqlıdır ki, ilk 6-lıqda 3 Azərbaycan təmsilçisi olduğu halda, meydan sahibi, eyni zamanda dünya şahmatının lideri olan Rusiyadan ilk onluqda bir şahmatçı var idi. O da onuncu sırada.

2002-ci ildən başlanan turnir indiyədək 18 dəfə keçirilib. Öncəki 17 yarışda ancaq qrossmesteyrlər qalib olub. İlk dəfə idi ki, beynəlxalq usta turnirin qalibi olurdu.
Əvvəlki 17 yarışda ən gənc qalib 2008-ci ildə 18 yaşında ikən "Aeroflot"da zəfər çalmış rusiyalı Yan Nepomnyaşi olmuşdu. Aydın Süleymanlı bu rekordu birdən-birə 4 il təzələyib 14 yaşa çatdırıb.

"Aeroflot open"in qalibləri sırasında Azərbaycan imzasına gəldikdə, 2005-ci ildə yarışda birinci yeri tutan Emil Sutovski İsrail bayrağı altında çıxış etsə də, əslən bakılıdır və Azərbaycan şahmat məktəbinin yetirməsidir. 2006-cı ildə Şəhriyar Məmmədyarov 6,5 xalla liderlər sırasında olsa da, əlavə göstəricilərə görə mükafatçılar siyahısından kənarda qalaraq 4-cü olmuşdu. Aydın Süleymanlı isə ilk dəfə Azərbaycan bayrağını turnirin qalibi qrafasına həkk etdirdi.

Elə yuxarıda adları çəkilən Emil və Şəhriyar Aydını bu möhtəşəm zəfəri münasibətilə öz feysbuk səhifələrində təbrik ediblər.

Şəhriyar Məmmədyarov yazır: "İnanılmaz bir uğurdur. İnanılmaz soyuqqanlılıq var oyununda. Böyuk şahmatçı olmağına şübhəm yoxdur. Amma nə qədər böyük usta olacaq, onu gələcək göstərəcək. Amma ən azından Azərbaycan sahmatının gələcək ümid yeri olmağa böyük addim atdi! Belə davam edərsə, çox tezliklə 2700 və inşallah 2800 görəcəyik. Bizim şahmat federasiyası isə gərək vaxt itirmədən bu gənci milliyə götürsün. Çünki millimiz artiq öz yerində sayır və gərək gənclərimizə dəstək olsun".

Emil Sutovski isə Aydın haqqında bunları yazıb: "Gənc Aydın "Aeroflot open"də qələbə qazandı. Azərbaycanlı istedadın hələ 15 yaşı yoxdur və o, dünyada ən güclü open turnirlərdən birinin ən gənc qalibi oldu. Mənim doğma Bakımda uzun fasilədən sonra belə parlaq ulduzun peyda olması çox xoşdur".

Biz isə öz növbəmizdə Aydından daha böyük zəfərlər gözləyirik. Bu zəfəri onun gələcək böyük uğurlarından xəbər verir.

Vüqar İNQİLABOĞLU


Xəbər 951 dəfə oxundu.