Azərbaycan gimnastı Marina Nekrasova dünya kuboku yarışlarının finalına yüksəlib
Martın 12-də Milli Gimnastika Arenasında idman gimnastikası dünya kuboku yarışlarına start verilib.

Turnirin birinci günündə kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarda, qadınların mübarizəsində isə dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda finalçılar müəyyənləşib.

Sərbəst hərəkətlərdə finala Əbdülrəhman Mehdi Əlqamal (Türkiyə), rusiyalı Kirill Prokopyev, Qazaxıstan təmsilçiləri Milad Kərimi, Dmitri Potanin, Sunqhyun Ryu (Koreya Respublikası), yaponiyalı Kadzuki Minami, Heyden Skinner (Böyük Britaniya) və Çili gimnastı Tomas Qonsales vəsiqə qazanıblar.

Paralel qollar üzrə təsnifat yarışlarında çinli Hao Yu, Rusiya idmançısı Vladislav Polyaşov, türkiyəli Ferhat Arıcan, Ahmet Önder, Fonq Than Din (Vyetnam), Mixail Kudinov (Yeni Zelandiya), qazaxıstanlı Milad Kərimi və Taha Serhani (İsveçrə) uğurla çıxış edərək finala adlayıblar.

Halqalarla hərəkətlərdə finala Elefterios Petrunias (Yunanıstan), çinli Yanq Lyu, Sinyuy Lan, braziliyalı Artur Zanetti, Kortni Talloç (Böyük Britaniya), Ukrayna idmançısı İqor Radivilov, Əli Zəhran (Misir) və Kiu Çunq Nq (Honq Konq) vəsiqə əldə ediblər.

Qadınlar arasında dayaqlı tullanma yarışlarının təsnifat mərhələsində uğurla çıxış edən sloveniyalı Teja Belak, Tyasa Kisselef, fransalı Kolin Devillard, Azərbaycan təmsilçisi Marina Nekrasova, Kanada idmançısı Sofi Marua, Axtsiri Viridiana Sandoval Peres (Meksika), ukraynalı Anastasiya Baçinskaya və Xorvatiya gimnastı Tiyana Korent medallar uğrunda mübarizə aparacaqlar.

Müxtəlif hündürlüklü qollarda isə finala çinli İlin Fan, Rusiya idmançıları Anastasiya İlyankova, Darya Spiridonova, Rebeka Andrade (Braziliya), Corciya-Rouz Braun (Avstraliya), ukraynalı Anastasiya Baçinskaya, Angelina Radivilova və Keytlin Ruskrants (Cənubi Afrika Respublikası) vəsiqə qazanıblar.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 798 dəfə oxundu.