Daha bir voleybol hakimimiz beynəlxalq dərəcə aldı
Bu gün Azərbaycan Voleybol Federasiyasında Hakimlər Kollegiyasının iclası keçirilib. İdman.com.az saytının məlumatına görə, toplantıda vitse-prezident Faiq Qarayev, baş katib Elşən İsmayılov və hakimlərimiz iştirak ediblər.
Toplantıda 2011/2012 mövsümündə ölkə çempionatında və Avropa yarışlarında hakimlik edən ədalət təmsilçilərimin illik statistikası təqdim olunub. Statistikaya əsasən ötən mövsüm oyunları daha çox idarə edən “3-lük”də Eldar Zülfüqarov, Vüqar Cəfərov və Murad Abdurahmanzadə yer alıblar.

Bundan sonra iclasda Hakimlər Kollegiyasının iclasının gündəliyi təqdim olunub. Öncə son mövsümdə beynəlxalq və yerli (Super Liqa, əvəzedici Heyət, I Liqa) yarışlarında hakimlik işlərinin yekunları haqqında danışıb. Ardınca 2011/2012 il mövsümünün yekunlarına görə ən yaxşı hakimin müəyyən edilməsi və Vüqar Cəfərova “Beynəlxalq dərəcəli hakim” adının verilməsi qərara alınıb.
Yığıncaqda, həmçinin 2012/2013 il mövsümü ərəfəsində hakimlərin respublika seminarının keçirilməsi barədə danışılıb və referilərə müvafiq dərəcələrin verilməsi, onların qeydiyyatı, siyahıların müəyyənləşdirilməsi haqqında məlumat verilib.

Toplantının sonunda Qarayev Cəfərova Beynəlxalq Voleybol Federasiyasının (FİVB) “Beynəlxalq dərəcəli hakim” sertifikatını təqdim edib.
Qeyd edək ki, bununla da beynəlxalq dərəcəli ədalət təmsilçilərimizin sayı 4-ə yüksəlib. Bu hüquqa Eldar Zülfüqarovla Eldar Əliyev 2005-ci, Konstantin Selin isə 2011-ci ildə yiyələnmişdi.


Xəbər 1528 dəfə oxundu.