Azərbaycanın qadın qılıncoynadanları dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Azərbaycanın sablya üzrə qadınlardan ibarət milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Anna Başta (3 qələbə), Valeriya Bolşakova (3 qələbə), Sevil Bünyatova (3 qələbə) və Səbinə Kərimova (4 qələbə) qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Pley-offun birinci görüşündə ABŞ təmsilçisi Kamali Tompsona 15:7 hesabı ilə qalib gələn Anna Başta ardınca tunisli Azza Besbes üzərində 15:6 hesablı qələbə qazanıb. A.Başta otuzikidəbir finalda İtaliya sablyaçısı İren Veççiyə 10:15 hesabı ilə uduzub.

Pley-offun birinci görüşündə Almaniya idmançısı Larissa Eyfleri 15:14 hesabı ilə məğlub edən Valeriya Bolşakova daha sonra Karolin Queroli (Fransa) üzərində 15:13 hesablı qələbə qazanıb. V.Bolşakova otuzikidəbir finalda Mariel Zaqunisə (ABŞ) 5:15 hesabı ilə məğlub olub.

Səbinə Kərimova ilə Sevil Bünyatova isə pley-offun birinci mərhələsində müvafiq olaraq Miçela Battison (İtaliya) və Silviya Matuzsaka (Polşa) məğlub olub. S.Kərimova 9:15, S.Bünyatova isə 4:15 hesabı ilə uduzub.

Xəbər 992 dəfə oxundu.