Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin qalibləri müəyyənləşib
Martın 8-də Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” beynəlxalq turnirinə yekun vurulub.

7 ölkədən 33 gimnastın iştirak etdiyi turnirin dayaqlı tullanma hərəkətlərində birinci yeri Tayvan idmançısı Huanq Yen-Çanq tutub. Ukraynalı Vladimir Kostyuk yarışı ikinci, digər tayvanlı Çuanq Çia-Lunq üçüncü pillədə başa vurublar.

Paralel qollarda türkiyəli Mert Efe Kılıçer qızıl, Tayvanı təmsil edən Huanq Yen-Çanq gümüş, ukraynalı gimnast Nazar Vasilkovski bürünc medal qazanıblar.

Ukraynalı Vladimir Kostyuk turnik yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tayvanlı Çuanq Çia-Lunq və Türkiyə idmançısı Hasan Bulut ilk üçlüyü tamamlayıblar.

Dəstəli at yarışlarında ukraynalı Radomir Stelmax fərqlənib. Gürcüstanlı Daçi Dolidze gümüş, digər ukraynalı gimnast Mikita Melnikov isə bürünc mükafata sahib olublar.
ƏTRAFLI
nar.az

Azərbaycan gimnastı Mənsum Səfərov sərbəst hərəkətlərdə gümüş medal qazanıb. Birinci yeri ukraynalı İvan Sevruk, üçüncü pilləni isə Gürcüstan təmsilçisi Daçi Dolidze tutublar.

Gimnastımız M.Səfərovun halqalarla çıxışı da uğurlu alınıb. Belə ki, idmançımız turniri ikinci pillədə başa vurub.

Ukraynalı Vladimir Kostyuk qızıl, Türkiyə gimnastı Kerem Şener bürünc medala layiq görülüb.

Turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar bacarıqlarını göstəriblər.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil ediblər.

Qeyd edək ki, turnirin birinci günündə komanda hesabında qaliblər müəyyənləşib. Birinci yeri Ukrayna, ikinci yeri Türkiyə, üçüncü yeri Azərbaycan komandaları tutublar.

Xəbər 941 dəfə oxundu.