Yeni mövsümün izi ilə
Dövrün hiss olunan çatışmazlıqları və klub bazarı

Daha bir futbol mövsümünün astanasındayıq. Ötən həftə istirahətdən qayıtmış bir neçə klub fəal hazırlıq planına start verib. Bu, əsasən, Avrokuboklara yollanacaq təmsilçilərimizdir. Lakin əksər klublarımız artıq ayıqdır. Daha doğrusu, elita təmsilçiləri ayıq olduqlarını göstərmək istəyirlər. Əslində, komandalarda nadir istisnalarla futbolçuların bir-birinə ötürülməsi prosesi bu il də davam edir. Bu acıncaqlı mövzu ətrafında bəlkə də geniş dayanmağa ehtiyac var. Çünki klubların inkişafına əyləcləyən əsas səbəblərdən biri məhz budur. Bunun bir neçə səbəbi var. Mövzuya geniş toxunulmasa da, ilk növbədə, bu keçidlər əsl qazanc mənbəyidir. İlk baxışda, çempionatda sınanmış futbolçulara güvənib daha kompakt heyət qurmaq cəhdi ilə bağlı gözə kül üfürmək də olar. Lakin hər kəsə aydındır ki, bu gün milli çempionatımızın iştirakçılarının hər planda imkanlarına cavab verən əcənəbi futbolçuların sayı bir əlin barmaqları qədər ola, ya olmaya. Bu gün ölkədə maliyyə infrastrukturunun inkişaf etməməsi, sistemli-tədbirli yanaşmanın olmaması bir yana, digər yandan, menecerlik sistem və qaydalarının ifrat primitivliyi və yalnız həris mənfəətpərəstlik üzərində qurulması günün mənzərəsini müəyyənləşdirir.

İnkişaf üçün mütləq normal menecerliyə qaydalı, şəffaf və açıq transferlərə meydan verilməlidir. Bu isə, ilk növbədə, AFFA-nın və PFL-in maraqları çərçivəsində olmalıdır. Əks təqdirdə, lobbiçilik prinsipləri futbolun dərinliklərinə qədər uzanacaq və sonra onu kəsib atmaqdan başqa çarəsi qalmayacaq.
Yeni mövsümün ilk sorağı futbol planında çatışmazlıqların daha bir güzgüsü oldu. İndiki mövsümün Premyer liqası da ötənilkinin tam eyni olacaq, yəni klubların nə sayı, nə adı dəyişəcək. Buna səbəb aşağı dəstədə mübarizə aparan klubların lisenziyalaşmadan keçməməsidir. Sanki digər klublarımızda bu probelm heç yoxdur. Təssüf ki, bunu təmtaraqla elan edən PFL vaxtında bu istiqamətdə məqsədyönlü və şəffaf addımlar atmadı, lazımi maarifləndirmə işi aparmadı. Axı, məlumdur ki, futbolu futbolçu alıb-sağmaq, meydana çıxarmaqdan başqa bir şey olmadığını hələ çox az klub rəhbəri dərk edir. Göründüyü kimi, hara çevirsək, məqalənin əvvəlində qeyd etdiyimiz problemlər yenə üzə çıxacaq.

Hər necə olsa, təşkilatçı qurum milli çempionatın növbəti mövsümünün avqustun 4-də başlayacağını elan edib. İyunun 9-da açılmış transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Qış fasiləsinin də «pəncərə»si elan olunub: yanvarın 12-dən fevralın 8-dək.

BATI YAR, “İdman” qəzeti

Xəbər 1121 dəfə oxundu.