“Ocaq” idman klubunun gimnastları “Miss Valentin-2020” turnirində uğurla çıxış ediblər
Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə ənənəvi beynəlxalq “Miss Valentin-2020” turniri keçirilib.

İdmanın gözəllik və zəriflik rəmzi olan bu növü üzrə yarışlarda 25-dən çox ölkənin müxtəlif yaş qruplarında olan əsas gimnastlar iştirak ediblər.

Yarışda Azərbaycanı “Ocaq” idman klubunun gimnastları 2007-ci il yaş qrupunda Kamilla Seyidzadə, Mədinə Dəmirova, 2009-cu il təvəllüdlü idmançıların yarışında Aydan Rəhimova, Sofiya Məmmədova, 2010-cu il təvəllüdlü gimnastların mübarizəsində İlahə Bahadırova uğurla təmsil ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kamilla Seyidzadə təsnifat yarışlarında ilk səkkizliyə düşərək finala çıxıb. Kamilla Seyidzadə, həmçinin lentlə çıxışı üzrə bürünc medal qazanıb. İlahə Bahadırova isə halqa ilə uğurlu çıxışına görə bürünc medal qazanıb.

Beləliklə, “Ocaq” idman klubunun gimnastları daha bir nüfuzlu beynəlxalq yarışda iştirak edib və uğur qazanıblar.

Xəbər 803 dəfə oxundu.