Naxçıvan Dövlət Universitetində Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib
Göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada müasir idman infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib. Bu gün peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır.

Universitetin idman kompleksində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə bu barədə danışılıb.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxışında ali təhsil ocağının Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman Muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən ətraflı söhbət açıb. Bildirib ki, yaradılan hərtərəfli şərait tələbələri bu istiqamətdə daha fəal olmağa səsləyir.

Ali təhsil ocağının Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev muxtar respublikada idmanın inkişaf tarixindən söz açaraq qeyd edib ki, idmanın inkişafı, müxtəlif sahələri üzrə yaradılmış olimpiada mərkəzləri bu sahəyə xüsusi diqqətin olduğunun əyani sübutudur.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Tibb Kollecinin qızlardan ibarət komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Sonda universitetin komandası qalib olub. Qalib komanda kubokla, komandanın hər bir üzvü isə diplomla təltif edilib.

Oğlanlar arasında voleybol yarışı isə universitetin yığma voleybol komandası ilə ali təhsil ocağının Pedaqoji fakültəsinin komandası arasında keçirilib. Yarışda yığma komanda qalib olub.

Universitetdə şahmat üzrə tələbələr arasında keçirilən yarışda isə 10 nəfər iştirak edib. Oyunun final mərhələsi martın 5-də olacaq.

Xəbər 249 dəfə oxundu.