AMPK ilə Yaponiya Paralimpiya Komitəsi arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ilə görüşüb.

Görüşdə komitənin prezidenti İlqar Rəhimov qonağa qurumun fəaliyyəti, əldə olunan nailiyyətlər, Bakıda keçiriləcək paracüdo üzrə dünya kuboku yarışları və “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq barədə məlumat verib.

Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

İ.Rəhimov AMPK-nın Yaponiya Paralimpiya Komitəsi ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib. Eyni zamanda, komitə prezidenti Azərbaycan paralimpiyaçılarının “Tokio-2020” Yay Paralimpiya Oyunlarına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacağını bildirib.

Səfir Teruyuki Katori öz növbəsində, ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib. Eyni zamanda, səfir AMPK ilə Yaponiya Paralimpiya Komitəsi arasından olan əməkdaşlığı yüksək qiymətləndirib. T.Katori Azərbaycan paralimpiyaçılarının Yaponiyanın Şika şəhərində “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq keçməsini ölkələrimiz arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı müzakirələr aparıblar.

AZƏRTAC

Xəbər 865 dəfə oxundu.