Ağcabədidə keçirilən respublika şahmat yarışının qalibləri müəyyənləşib
Ağcabədi Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə respublika şahmat yarışı keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarış ənənəvi xarakter daşıyıb.

Yarışın A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar iştirak ediblər. Turnirin A qrupunda Elgün Məmmədov 8 xalla qalib olub. Aytac Məmmədova və Fidan Tahirova isə 7,5 xalla ikinci və üçüncü yerləri tutublar. Yarışın B qrupunda isə Şəmsəddin Mehdiyev 8 xal qazanaraq birinci yeri tutub. Onunla eyni xal toplayan Murad Abdullayev ikinci, 7,5 xal əldə edən Kənan Əliyev üçüncü olublar.

Yarışa təhsil sistemində fəaliyyət göstərən məktəblərin şagirdləri ilə yanaşı, idman cəmiyyətləri və şahmat klublarının yetirmələri də qatılıblar. Turnirin A qrupunda 150, B qrupunda 140 şahmatçı gücünü sınayıb.

Xəbər 831 dəfə oxundu.