AFFA aşağı yaş liqalarının oyunlarını koronavirusa görə təxirə salıb
AFFA aşağı yaş liqalarında oyunları koronavirusa (COVİD-19) görə təxirə salıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Assosiasiyanın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin “Coca-Cola Məktəbli kuboku” turnirinin iştirakçılarının orta məktəb şagirdləri və tələbələr olmaları nəzərə alınaraq həmin turnirlərin oyunları martın 10-dək təxirə salınıb.

Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi, ölkə ərazisində bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddətdə Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Xəbər 700 dəfə oxundu.