Nazir Azad Rəhimov qalib şahmatçı ilə görüşüb
Gənclər və idman naziri Azad Rəhimov “Aeroflot open” beynəlxalq şahmat festivalının qalibi olan 14 yaşlı Aydın Süleymanlı ilə görüşüb.

Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, Aydın Süleymanlının atası və şəxsi məşqçisi də iştirak ediblər.

Nazir şahmatçı ilə görüşdə deyib: “Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot open” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qələbəsi hər birimizin sevincinə səbəb olmaqla yanaşı, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”.

Nazir A.Süleymanlının qələbəsindən sonra artıq iki şirkətin ona sponsorluq etmək arzusunda olduğunu da diqqətə çatdırıb. A. Rəhimov bundan sonra şahmatçının məşqləri, inkişafı üçün nazirlik və federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib.

Diqqətə görə təşəkkür edən Aydın Süleymanlı turnirdə qələbəsi, oyunun gedişi, rəqibləri və gələcək planları, həmçinin məşqləri haqqında məlumat verib. Şahmatçı Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını və “Aeroflot open” turnirindəki qələbəsini bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib.

Görüşün sonunda nazir Azad Rəhimov və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Aydın Süleymanlıya hədiyyə təqdim ediblər.

Xəbər 6340 dəfə oxundu.