“Qarabağ” klubu cari mövsümün yeni rekorduna imza atıb
Ağdamın “Qarabağ” futbol klubu cari mövsümün yeni rekorduna imza atıb.

“Köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə “çərçivəsini” toxunulmaz saxlayıb. “Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da “Qarabağ” cari mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmayıb.

Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb.

Xəbər 655 dəfə oxundu.