“Neftçi”-“Səbail” matçı heç-heçə yekunlaşıb
Martın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turuna yekun vurulub.

Turun son matçı “Bakcell Arena”da keçirilib. Burada “Neftçi” komandası “Səbail”lə heç-heçə edib – 1:1. Görüşdə qonaqların müdafiəçisi Eriko Da Silva topu öz qapısına göndərib. Lakin “Səbail”in hücumçusu Rauf Əliyev 90+2 dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, XIX turun digər oyunlarında “Sumqayıt” doğma meydanda “Keşlə” (2:2), “Sabah” isə səfərdə “Qarabağ”la (0:0) heç-heçə edib. “Qəbələ” səfərdə “Zirə” təmsilçisini (2:1) məğlub edərək uğursuzluq seriyasına son qoyub.

Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (16) yer alıblar.


Xəbər 698 dəfə oxundu.