“Sumqayıt”-“Keşlə” oyununda qalib müəyyənləşməyib
Fevralın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turuna “Sumqayıt”-“Keşlə” matçı ilə start verilib.

“Kapital Bank Arena”da keçirilən oyuna fəal başlayan meydan sahibləri 4-cü dəqiqədə iranlı hücumçu Peyman Babayinin vurduğu qolla hesabı açıblar. Görüşün 10-cu dəqiqəsində qonaqların yarımmüdafiəçisi Vüsal İsgəndərli hesaba tarazlıq gətirib. Birinci hissə 1:1 hesabı ilə bitib.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov komandasının ikinci qolunun müəllifi olub. Lakin 80-ci dəqiqədə paytaxt təmsilçisinin müdafiəçisi Slavik Alxasov vurduğu qolla hesabı bərabərləşdirib. Beləliklə, “Sumqayıt”-“Keşlə” oyununda qalib müəyyənləşməyib – 2:2.
Günün ikinci görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Lider “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Qəbələ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Neftçi”-“Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.


Xəbər 696 dəfə oxundu.