Güllə atıcılığı üzrə Sumqayıt şəhər birinciliyində qırx komanda qalib adı uğrunda mübarizə aparıb
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin Bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə danışıb, ermənilərin məkrli siyasətinin və qanlı cinayətlərinin yaddaşlardan heç vaxt çıxmayacağını vurğulayıb.
V.Abdullayev ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildiyini və 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdiyini bildirib.

Azərbaycanda idmanın sürətli inkişafından danışan sektor müdiri Prezident İlham Əliyevin apardığı məqsədyönlü işlərin sayəsində ölkəmizin hərtərəfli və dinamik inkişafından, ictimai-siyasi sabitlikdən, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübədən, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib.

Birincilikdə şəhərin tam orta ümumtəhsil məktəblərinin heyətində iki oğlan və bir qızdan ibarət qırx komanda qalib adı uğrunda yarışıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 24 nömrəli tam orta məktəbin komandası 96 xalla birinci, 11 nömrəli tam orta məktəbin komandası 82 xalla ikinci, 6 nömrəli tam orta məktəbin komandası isə 67 xalla üçüncü yeri tutub.
Yarışın qalib və mükafatçıları Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və kubokla təltif olunublar.

AZƏRTAC

Xəbər 929 dəfə oxundu.