Veteran futbolçularla görüş olub
Fevralın 28-də Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər.

Əvvəlcə ötən dövrdə dünyasını dəyişən veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan O.Abdullayev görüşün əhəmiyyətindən bəhs edib.

Daha sonra E.Məmmədov çıxış edərək AFFA rəhbərliyinin veteran futbolçulara daim qayğı və həssaslıqla yanaşdığını, bundan sonra da onların problemlərinin həlli istiqamətində çalışacaqlarını bildirib.

İcraiyyə Komitəsinin üzvləri İ.Cavadov, K.Tuayev və V.Sadıqov çıxış ediblər. Veteran futbolçular onları narahat edən məsələlərdən danışıb, təkliflərini bildiriblər.

Görüşdə veteran futbolçuların statusu ilə bağlı əsasnamənin hazırlanması məsələsi də müzakirə olunub.

Xəbər 709 dəfə oxundu.