“Tokio 2020” təşkilatçıları məşəl estafetinin marşrutunu azaltmağı düşünür
“Tokio 2020” təşkilat komitəsi 2019-cu ilin dekabrında Çində ortaya çıxan və sürətlə digər ölkələrə yayılmağa başlayan koronavirus epidemiyası səbəbindən məşəl estafetini azaltmağı düşünür.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat komitəsinin baş direktoru Tosiro Muto jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün bu cür tədbirlərin həyata keçirilməsi vacibdir.

“Çox sayda tamaşaçının bir araya gəlməsi, virusa yoluxma riskini artırır. Ölkədə bir sıra tədbirləri təxirə salmışıq. Düşünürəm ki, qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. “Tokio 2020” oyunlarının könüllülərinin təlimi də virus səbəbindən müvəqqəti olaraq dayandırılıb”- deyə, baş direktor əlavə edib.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəli martın 12-də Yunanıstanda alovlandırılacaq. Ölkə ərazisində 3200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilində yerləşən Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada "Panatinaikos" klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.

Xəbər 993 dəfə oxundu.