Azərbaycanlı qılıncoynadan Avropa çempionatında doqquzuncu olub
Fevralın 27-də Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində gənc qılıncoynadanların mübarizəsinə start verilib.

Gənc kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov 100-dən çox iştirakçı arasında yekun sıralamada 9-cu olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran R.Həsənov Bolqarıstan təmsilçisi Yordan Qalabov üzərində 15:8 hesablı qələbə qazanıb. İdmançımız onaltıdabir finalda İtaliya şpaqaçısı Enriko Piattini 15:7 hesabı ilə məğlub edib. Şpaqaçımız ən güclü 8 idmançı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə avstriyalı Biro Aleksandra 4:15 hesabı ilə məğlub olub.

Digər kişi şpaqaçılarımızdan Xalid Əliyev (5 qələbə), Fərrux Səfərov (5 qələbə) və Barat Quliyev (3 qələbə) də qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Püşkün nəticələrinə əsasən Fərrux Səfərov və Barat Quliyev 1/32 finalda üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən görüşdə F.Səfərov B.Quliyevə 15:13 hesabı ilə qalib gəlib. Səfərov növbəti mərhələdə Biro Aleksandra 7:15 hesabı ilə uduzub. Xalid Əliyev isə bu mərhələdə Türkiyə idmançısı Taha Hilmi Ekenlerə 14:15 hesabı ilə məğlub olub. Yekun sıralamada Fərrux Səfərov 22, Xalid Əliyev 34, Barat Quliyev isə 53-cü sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında yeganə təmsilçimiz Aysel Əhədova qrup mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib. Otuzikidəbir finalda Böyük Britaniya idmançısı Elsie Levellinə 15:13 hesabı ilə qalib gələn xanım qılıncoynadanımız onaltıdabir finalda Rusiya sablyaçısı Mariya Zinyukinaya 7:15 hesabı ilə məğlub olub. A.Əhədova yekun sıralamada 31-ci olub.

Xəbər 898 dəfə oxundu.