Abdulla Zubir ardıcıl ikinci dəfə Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib
Azərbaycan Premyer Liqasının XVIII turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XVIII turunun ən yaxşı futbolçusu “Qarabağ”ın hücumçusu Abdulla Zubir seçilib. “Sumqayıt” klubuna qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olan futbolçu komandası üçün bir məhsuldar ötürmə edib. Abdulla Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

Futbolçu XVIII turun rəmzi komandasında da yer alıb. Premyer Liqanın keçən turunda da, A.Zubir ən yaxşı oyunçu seçilmişdi.
Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Xatırladaq ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

Turun növbəti oyunları fevralın 29-da və martın 1-də keçiriləcək.


Xəbər 662 dəfə oxundu.