Məktəblilər arasında güllə atıcılığı üzrə birinciliyin qalibləri müəyyənləşib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında güllə atıcılığı üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında məktəbli idmançıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, dostluq əlaqələrini möhkəmləndirmək, güllə atıcılığı idman növünün məktəblilər arasında təbliğindən ibarət olub.

Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, faciə barədə məktəblilərə məlumat verilib.
Sonra birinciliyin yarışları keçirilib. Turnirdə Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən 34 ümumi təhsil müəssisəsindən 100-ə yaxın məktəbli mübarizə aparıb. Ümumi nəticələrə görə, 2006-2007-ci il təvəllüdlü şagirdlərin mübarizəsində komanda hesabında birinci yeri 265, ikinci yeri 63, üçüncü yeri isə 17 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Şəxsi yarışlarda 265 nömrəli tam orta məktəbin şagirdi Nərmin Abdullazadə qalib olub. Sonrakı yerlərdə 260 nömrəli tam orta məktəbin şagirdi Əkbər Tağıyev və Heydər Əliyev adına Liseyin şagirdi Kamran Məmmədzadə qərarlaşıblar.

Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.

Qeyd edək ki, Təhsil Nazirliyi sistemində güllə atıcılığı idman növü üzrə bölmənin faəliyyəti cari tədris ilindən “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbində təşkil edilib. Sözügedən yarış güllə atıcılığı idman növü üzrə məktəblilər arasında keçirilən ilk yarışdır.

Xəbər 959 dəfə oxundu.