Futbol üzrə Azərbaycan çempionatının XIX turunun oyunlarına hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 29-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Keşlə” oyunu ilə start veriləcək. Saat 16:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Həmin gün baş tutacaq “Qarabağ”–“Sabah” matçının baş hakimi Elçin Məsiyev olacaq. Saat 18:00-da start götürəcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
ƏTRAFLI
Raffle Tower

Martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Qəbələ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Neftçi”-“Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

Xəbər 670 dəfə oxundu.