Camal Əhmədzadə: “Strict curl” insanın dözümlülüyünü və qolunun nə qədər güclü olduğunu nümayiş etdirir
Uzun müddət pauerliftinq idman növü ilə məşğul olmuşam. Ancaq müəyyən zədələrdən sonra idmanın bu növü ilə məşğul olmağı dayandırdım və məşqçilik fəaliyyətinə başladım. Ancaq hər hansı bir idman növü ilə məşğul olmaq və turnirlərdə gücümü sınamaq istəyirdim. Yenilik axtarışında olanda internetdə “strict curl” idmanı ilə tanış oldum.

Bu sözləri müsahibəsində pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, Azərbaycan Stronqmen Federasiyasının nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə deyib.

“Strict curl”ün ABŞ-da və Avropada çox populyar idman növü olduğunu deyən C.Əhmədzadə bildirib: “İdmanın bu növü ilə bağlı araşdırma apardım və çox cəlbedici gəldi. Ötən ilin avqustunda Batumidə təşkil olunan Qara dəniz beynəlxalq turnirində ilk dəfə gücümü sınadım və birinci yeri tutdum. Bakıya qayıtdıqdan sonra “strict curl”ün ölkəmizdə inkişaf etdirilməsi istiqamətində fəaliyyətə başladım. Əvvəlcə Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev ilə görüşdüm. Məsləhətləşmələrdən sonra zallarda olduq, seminarlar və kiçik yarışlar təşkil etdik. Marağın yüksək olduğunu gördük və martın 17-18-də ilk ölkə çempionatını keçirməyə qərar verdik. Sevindirici haldır ki, “strict curl”ün inkişafında mənim də payım var”.

Əsas məqsədin yeniyetmə və gəncləri narkomaniyadan, pis vərdişlərdən uzaq tutmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu vurğulayan C.Əhmədzadə bildirib ki, bundan başqa mütəmadi yarışların təşkili də nəzərdə tutulub. “Strict curl”ün ölkəmizdə kütləviliyinin artırılması və perspektivli idmançıların yetişdirilməsi üçün səylə çalışdıqlarını diqqətə çatdıran C.Əhmədzadə deyib: “İdmanın bu növü insanın dözümlülüyünün və qolunun nə qədər güclü olduğunu nümayiş etdirir. “Strict curl”ü digər güc idman növlərindən fərqləndirən cəhət hərəkətlərdir. Pauerliftinq, stronqmen, ağır atletika və digər güc idman növlərinin özünəməxsus hərəkətləri mövcuddur. “Strict curl”ün ölkəmizdə inkişafına iki aydır start vermişik. Paytaxtla yanaşı, bölgələrdə də idmanın bu növünə maraq durmadan artır. Böyük marağı nəzərə alaraq ölkə çempionatından sonra Bakıda beynəlxalq turnir, bölgələrdə isə zona yarışları, Milli qəhrəmanların xatirəsinə həsr olunan birinciliklər təşkil etməyi nəzərdə tutmuşuq. Hər il ölkəmizdə “Caspian Power” idman festivalı təşkil olunur. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan festivalda bu il biz də iştirak edəcəyik. Ölkə çempionatında uğur qazanacaq idmançılar mayda baş tutacaq festivalda güclərini sınayacaqlar”.

AZƏRTAC

Xəbər 832 dəfə oxundu.