Sumqayıtda könüllü gənclərin mini-futbol turnirinin qalib komandaları mükafatlandırılıb
Sumqayıtdakı Olimpiya İdman Kompleksində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif sahələrini təmsil edən könüllü gənclər arasında mini-futbol turniri keçirilib. Yarışda 6 komanda mübarizə aparıb.

Yarışın açılışında çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu inkişafından, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışıb. O, yarışa qatılan komandalara uğur arzulayıb.

Gərgin keçən yarışmada I yerə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, II yerə 10 nömrəli peşə liseyi, III yerə isə 3 nömrəli peşə liseyinin komandaları çıxıb.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.

Xəbər 877 dəfə oxundu.