“Keşlə” komandası “Zirə”nin qapısından dörd cavabsız top keçirib
Fevralın 22-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyununda “Keşlə” komandası “Zirə”ni 4:0 hesabı ilə darmadağın edib.

“ASK Arena”da oynanılan görüşdə Tərlan Əhmədovun yetirmələrindən Şahrux Qadoyev (20, 71), Vüsal İsgəndərli (45) və Pərviz Azadov (89) fərqləniblər.

Bu qələbə sayəsində “Keşlə” xal ehtiyatını 29-a çatdıraraq turnir cədvəlinin üçüncü pilləsindəki yerini möhkəmləndirib. “Zirə” isə 20 xalla beşinci yerdə qərarlaşıb.
Xatırladaq ki, çempionatın birinci dövrəsində “Keşlə” rəqibini 2:0 hesabı ilə məğlub edib. İkinci dövrədəki görüş isə “Zirə”nin qələbəsi ilə başa çatıb - 3:1.
Rəqiblər Premyer Liqada 19 dəfə üz-üzə gəliblər. Bu oyunların altısında “Keşlə”, beşində isə “Zirə” qələbə qazanıb. Səkkiz matçda isə qalib müəyyənləşməyib. “Keşlə” son üç matçda meydandan qolsuz ayrılmayıb. “Zirə” isə son dörd səfər matçında top buraxıb.
Xatırladaq ki, turun birinci oyununda “Neftçi” səfərdə “Qəbələ” klubunu 2:0 hesabı ilə məğlub edib.
Tura fevralın 23-də “Sabah” – “Səbail” və “Qarabağ” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.


Xəbər 718 dəfə oxundu.