Ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Fevralın 21-də Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi olub.

Mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov ölkəmizdə ağır atletikanın inkişafı istiqamətində görülən işlərdən və qazanılan nailiyyətlərdən danışıb. Son illərdə Azərbaycanda qadın ağır atletikasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan F.İsmayılov yarış iştirakçılarını yeni mövsümün açılışı münasibətilə təbrik edib və idmançılara uğurlar arzulayıb.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov atletlərimizin 2019-cu ildə uğurla çıxış etdiklərini, bu nailiyyətlərin həm Olimpiya ilində, həm də növbəti illərdə davamlı olmasına çalışacaqlarını bildirib. Baş katib yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın da peşəkar idmançı kimi yetişmələri istiqamətində fasiləsiz iş aparıldığını deyib.

Açılış çıxışlarından sonra çempionat açıq elan edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasim zamanı bu günlərdə 60 yaşını qeyd edən təcrübəli mütəxəssis, SSRİ idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Azad Mustafayevin yubileyi münasibətilə Gənclər və İdman naziri Azad Rəhimovun təbrik məktubu oxunub. Yubilyara Azərbaycan Ağır Atletika Federasiyasının da hədiyyəsi təqdim edilib.

Xəbər 1268 dəfə oxundu.