Qadın voleybolçular arasında Azərbaycan Superliqasında daha iki qarşılaşma oynanılıb
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında daha iki qarşılaşma oynanılıb. Matçlar mövsümdə ilk dəfə olaraq əyalətdə təşkil edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qubadakı İdman-Sağlamlıq Mərkəzində baş tutan I dövrənin görüşündə ilk olaraq UNEC və “Azərreyl” münasibətlərinə aydınlıq gətirib. Görüşdə ilk seti “dəmiryolçular” qazanıblar. Onlar rəqibini 25:22 hesabı ilə məğlub ediblər. İkinci hissəni 25:16 hesabı ilə aktivinə yazan “Azərreyl” üçüncü setdə daha asan qalib gəlib – 25:14.

Bu matçdan fərqli olaraq, “Murov” - “Abşeron” oyununda 4 set oynanılıb. Eldar Yusubovun yetirmələri 25:18, 26:24 hesabı ilə qələbə qazandıqdan sonra “Murov” fərqi azaldıb – 25:23. Lakin dördüncü hissədə “Abşeron” 25:19 hesabı ilə qalib gəlməklə, oyunun hesabını müəyyənləşdirib – 3:1.

Üç oyuna 9 xal toplayan “Azərreyl” yenə də turnir cədvəlində birincidir. Onlardan bir oyun çox keçirən “Abşeron” da eyni xala malikdir. “Murov”un üçüncü olduğu cədvəldə UNEC sonuncudur (0 xal).

Xəbər 797 dəfə oxundu.