“Xilasedici” Azərbaycan Yüksək Liqasında yenidən liderliyə yüksəlib
Fevralın 15-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

FHN-in İdman-Sağlamlıq Kompleksində baş tutan matçların hər ikisində eyni hesab (3:0) qeydə alınıb.

Günün ilk qarşılaşmasında “Azərreyl” “Xilasedici”ni sınağa çəkib. Görüşdə ikincilər birinci seti 9 top öndə bitiriblər – 25:16. Növbəti iki hissə də “Xilasedici”nin qələbəsi ilə başa çatıb. İkinci hissədə 25:21 hesabı ilə qalib gələn komanda son setdə rəqibini 25:19 hesabı ilə məğlub edib.

MOİK - “Sərhədçi” oyununda isə birincilər asan qələbə qazanıblar. İlk setdə 25:17 hesabı ilə qalib gələn “hərbçilər” ikinci hissədə rəqiblərinə cəmi 9 xal veriblər – 25:9. Üçüncü setdə isə MOİK rəqibini 25:13 hesabı ilə üstələyib.
Bu matçlardan sonra “Xilasedici” yenidən liderliyə yüksəlib. Rəqiblərindən 1 oyun çox keçirən (6 oyun) komandanın hesabında 15 xalı var. Üç setlə qazanılan 3 xal MOİK-in də turnir cədvəlindəki mövqeyinə təsir edib. Beş qarşılaşmaya 7 xal toplayan komanda “Azərreyl”i qabaqlayıb və 4-cü yerə yüksəlib. “Sərhədçi” isə 6 görüşdən sonra hələ də xal qazanmayıb.


Xəbər 938 dəfə oxundu.