Bu gün daha beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın altıncı günündə - fevralın 15-də daha beş sərbəst güləşçimiz mübarizəyə qoşulacaq.

Mübarizəyə dörddəbir finaldan başlayacaq İntiqam Vəlizadə (61 kq) Türkiyə güləşçisi Hamza Alaca, Hacımurad Hacıyev (74 kq) Polşa təmsilçisi Patrik Kriştof Olenjin, Abubakr Abakarov (86 kq) latviyalı İvars Samusonoks, Aslanbek Alborov (92 kq) macarıstanlı Bendequz Tot, Cəmaləddin Məhəmmədov (125 kq) isə Bosniya və herseqovinalı Elhad Hukiç ilə qarşılaşacaqlar.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - altı medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 337 dəfə oxundu.