Üç sərbəst güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Beşinci yarış günündə - fevralın 14-də sərbəst güləşçilər mübarizə aparırlar.

Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Əli Rəhimzadə startda Olimpiya, dünya və üçqat Avropa çempionu Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibi ilə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyük hesablı qələbəyə sevinib və dörddəbir finala adlayıb. Belaruslu rəqibini məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı ilə qarşılaşıb. Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbə ilə start verib. Səkkizdəbir finalda həmyerlimiz Belarus təmsilçisindən güclü olub. Ukraynalı idmançıdan da üstün olan təmsilçimiz yarımfinala adlayıb.

Cəbrayıl Həsənov (79 kq) ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Son dəqiqəyə kimi üçqat Avropa çempionumuz hesabda geri olsa da, xarakter göstərərək qələbəni təmin edib. C.Həsənovun növbəti görüşü də asan keçməyib. Təmsilçimiz Rumıniya güləşçisi ilə mübarizədən də üstün ayrılaraq dörddəbir finala adlayıb. Ermənistan idmançısı üzərində inamlı qələbə qazanan C.Həsənov yarımfinalda mübarizə aparacaq.

Səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan Nurməhəmməd Hacıyev (97 kq) macarıstanlı rəqibini üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 840 dəfə oxundu.