Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində çıxış edən Rafael Ağayev (75 kq) finala vəsiqə qazanıb.

İdmançımız əvvəlcə İvan Martinaçı (Xorvatiya) məğlub edib. Ruslans Sadıkovs (Latviya) və Erman Eltemur (Türkiyə) ilə görüşlərdən də qalib ayrılan R.Ağayev yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə İran təmsilçisi Bəhmən Əsgərini məğlub edən idmançımız finala yüksəlib. O, finalda Luici Busa (İtaliya) ilə mübarizə aparacaq.

Daha bir idmançımız Rafiz Həsənov (67 kq) bürünc medal uğrunda döyüşəcək. Üçüncü yer uğrunda idmançımız Burak Uyğur (Türkiyə) ilə üz-üzə gələcək.

Medal döyüşləri və mükafatlandırma mərasimi fevralın 16-da olacaq.

Xəbər 869 dəfə oxundu.