Bakıda təşkil ediləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri müəyyənləşib
Mayın 14-16-da Bakıda təşkil ediləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri müəyyənləşib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu dəfə dünya çempionatı üçün 1 deyil məhz 2 səfir seçilib. Bunlar əfsanəvi aerobika çempionları dünya çempionatının dördqat qalibləri Vladislav Oskner (Rusiya) və Oana Karina Konstantindir (Rumıniya).

Aerobika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə keçiriləcək. İlkin siyahıya əsasən, yarışda 36 ölkədən 491 gimnastın iştirakı gözlənilir.

Milli Gimnastika Arenasında üç gün davam edəcək çempionatda idmançılar qadınlar və kişilər arasında fərdi proqramda, qarışıq cütlüklər, trio, qrup, eləcə də aerodans və aerostep proqramlarında çıxış edəcəklər. Qaydalara əsasən, bir idmançı maksimum üç proqramda çıxış edə bilər.

Xəbər 788 dəfə oxundu.