Azərbaycan Super Liqasının oyunları ilk dəfə paytaxtdan kənarda təşkil olunacaq
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunların keçirilmə günü və yeri dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.

Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir.

Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.

Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar “Azərreyl”i sınağa çəkəcəklər. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək. Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq.

Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.

Xəbər 822 dəfə oxundu.