Stolüstü tennisçimiz “Eurotalents U-13” layihəsi çərçivəsində təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak edib
Avropa Stolüstü Tennis Birliyinin (ASTB) inkişaf proqramının bir hissəsi olan “Eurotalents U-13” layihəsi çərçivəsində təlim-məşq toplanışı keçirilib. Toplanışa layihə çərçivəsində keçirilmiş seçim turlarında uğurla çıxış etmiş stolüstü tennisçilər qatılıblar.

Çexiyanın Ostrava şəhərində keçirilən təlim-məşqlərdə təmsilçimiz Adil Əhmədzadə hazırlığını artırıb. Təlim-məşqlərdən sonra iştirakçılar beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə stolüstü tennisçimiz A.Əhmədzadə beşinci nəticə göstərib.

Yığma komandanın məşqçisi Fərhad İsmayılov 13 yaşlı idmançıların yarışında bu nəticənin stolüstü tennisçimiz üçün yaxşı göstərici olduğunu bildirib.

Qeyd edək ki, ötən il ASTB-nin təşkilatçılığı ilə “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turunda 11 yaşlı idmançımız Adil Əhmədzadə uğurla mübarizə apararaq Avropanın 13 yaşadək istedadlı stolüstü tennisçiləri siyahısına salınıb.

Xəbər 905 dəfə oxundu.