“Judo Club 2012”nin karateçisi Avropa çempionu olub
Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa birinciliyində Azərbaycan komandası böyük nailiyyətlərə imza ataraq 8 medal qazanıb.

Qitə birinciliyində mübarizə aparan klubun təcrübəli karateçisi F.Ağayev Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülüb. Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin böyük əməyi var.

Karateçilərlə yanaşı, klubun cüdoçuları da uğurlu çıxışlarını davam etdirirlər. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində təşkil olunan U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyində “Judo Club 2012”nin komandası geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları Bakı birinciliyində uğurla çıxış edərək 3 qızıl və 2 bürünc medala sahib çıxıblar. Komandanın aktivinə qızıl medalları Sadiq Cəlalov (55 kq), Nihat Ələsgərli (66 kq) və Rahidə Cavadova (70 kq) yazdırıb. Nicat Məmmədli (60 kq) və Məhərrəm Eyvazov (66 kq) isə bürünc medallara layiq görülüblər.

Klubun digər üzvlərindən Kənan Əhmədov (100 kiloqramdan yuxarı) beşinci, İslam İslamov (81 kq), Mirəli Hüseynli (90 kq) və Əli Mahmudov (100 kiloqramdan yuxarı) isə yeddinci yerlə kifayətlənib.

Bakı birinciliyində fərqlənən idmançılar Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin diplom və medalları ilə təltif olunublar.

Beləliklə, Bakı birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin gənc cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutub. Klubun oğlanlardan ibarət komandası isə birinci pillədə qərarlaşıb.

Xəbər 966 dəfə oxundu.