Boks üzrə yığmamız lisenziya turnirinə son hazırlıq prosesini Türkiyədə keçirir
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışının sonuncu mərhələsini keçirmək üçün Türkiyəyə yola düşüb.

Kastamonu vilayətində təşkil olunan təlim-məşq toplanışına Umberto Orta Dominqes rəhbərlik edir.

Məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov, Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes, Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov, Osnay Benkomo, Sadiq Səmədov, Abdulqadir Abdullayev (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) sınaqdan keçirəcək. Martın 1-də bitəcək məşqlərdə Türkiyə və Bolqarıstan yığmaları da iştirak edəcəklər.

Komandamızın lideri, üçqat dünya çempionu və Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) isə hazırda Londonda təlim-məşq toplanışındadır. O, millimizin məşqlərinə sonradan qoşulacaq.

Qeyd edək ki, toplanış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərə hazırlıq xarakteri daşıyır. Londonda Avropa Olimpiya təsnifat turniri martın 13-23-də, Parisdə dünya Olimpiya təsnifat turniri mayın 13-24-də olacaq.

Xəbər 1403 dəfə oxundu.