Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının yoxlama-məşq toplanışı olub
Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının fevralın 8-də yoxlama-məşq toplanışı olub.

Çempionatda iştirak edəcək milli komandamızın üzvləri öz proqramlarını tam şəkildə yerinə yetiriblər. Toplanışda yerli təmsilçilərlə yanaşı, Qazaxıstan və Gürcüstan gimnastları da çıxış ediblər.

Fevralın 15-16-da keçiriləcək turnirin birinci günündə tamblinq və batut gimnastikasi üzrə fərdi təsnifat yarışları baş tutacaq. Həmçinin batut üzrə sinxron cütlüklər arasında təsnifat yarışları təşkil olunacaq. Dünya kubokunun ikinci günündə isə təsnifat yarışlarında uğurla çıxış edən gimnastlar final mərhələsində mübarizə aparacaqlar. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq.
Ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.


Xəbər 790 dəfə oxundu.