“Təhsil” Respublika İdman Mərkəzinin sambo üzrə açıq birinciliyinə yekun vurulub
2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü samboçular arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, yarış təcrübəsinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.
Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və idman klublarından 10 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb.

Hər yaş qrupunda 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında 2005-2006-cı il təvəllüdlü idmançılar arasında birinci yerə “Təhsil” Respublika İdman Məktəbinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası çıxıb. 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbi yarışı ikinci, 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü pillədə başa vurublar.

2007-2008-ci il təvəllüdlü idmançıların yarışında “Təhsil” Respublika İdman Məktəbinin 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası fərqlənib. İlk üçlüyü 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi və Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komandaları tamamlayıblar.

Qaliblər medal və diplomlarla təltif ediliblər.

Xəbər 1110 dəfə oxundu.