Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb
Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb.

X turun oyunları da maraqlı idman mübarizəsi ilə yadda qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Azərsu” komandaları çıxıblar. Yarış cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan “Azərsu” liderlə oyunda yüksək əzmkarlıq göstərsə də, bu, qələbə üçün kifayət etməyib. “Azəryol” rəqibin ciddi müqavimətinə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirib – 24:23.

Günün digər qarşılaşmasında “İdman Akademiyası” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” təbii ki, bu görüşdə xal itirmək niyyətində deyildi. Oyuna qələbə üçün çıxan nominal qonaqlar çətinliklə də olsa, azarkeşlərin etimadını doğruldublar. “İdman Akademiyası” komandası çox çalışsa da, məğlubiyyətdən qurtula bilməyib – 35:40.

Onuncu turu da qələbə ilə bitirən “Azəryol” 18 xalla çempionatın turnir cədvəlinin vahid lideridir. “Qarabağ” ondan iki xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.

Fevralın 8-də kişi həndbolçulardan ibarət komandalar X turun oyunlarına çıxacaqlar. Həmin gün “Məhsul” “Təhsil”lə, U-18 isə “Bakı” ilə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 918 dəfə oxundu.