AIPS-in konqresində Yeniyetmələrin Beynəlxalq Yaşıl Oyunlarının təqdimatı keçirilib
Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) Budapeştdə keçirilən konqresində Yeniyetmələrin Beynəlxalq Yaşıl Oyunlarının təqdimatı olub.

Bu barədə konqresdə iştirak edən Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev məlumat verib.

Təqdimat mərasimində qeyd edilib ki, Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək yarışda Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 195 ölkədən 4 mindən çox idmançının iştirakı planlaşdırılır. Sentyabrın 13-dən 20-dək baş tutacaq yarışlar kamandan oxatma, atletika, basketbol (5x5 və 3x3), şahmat, qayayadırmanma, kriket, e-sport, qılıncoynatma, futbol, ciu-citsu, cüdo, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol və güləş növləri üzrə keçiriləcək. İdman proqramında paralimpiyaçılar cüdo, qılıncoynatma, xüsusi olimpiyaçılar stolüstü tennis, voleybol, deflimpiyaçılar basketbol, şahmat yarışlarında güclərini sınayacaqlar.

AZƏRTAC

Xəbər 654 dəfə oxundu.