Azərbaycan Milli Paralimpiya Komitəsi ilə ABŞ səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüşüb.

Görüşdə komitənin prezidenti İ.Rəhimov qonağa qurumun fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, hazırda ölkəmizdə 17 paralimpiya idman növü inkişaf etdirilir. Onlardan 14-ü yay, 3-ü isə qış idman növləridir. Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını vurğulayıb.

Paralimpiya hərəkatı və korporativ sosial məsuliyyətdən söz açan İ.Rəhimov noyabrın 13-də Heydər Əliyev Fondunun və AMPK-nın birgə təşkilatçılığı ilə “Yenilməzlər” beynəlxalq qala təqdimatının keçirildiyini qeyd edib. “Bu gün paralimpiyaçılarımızın əsas dəstəkçisi Azərbaycan dövləti və Prezidentidir. Bununla belə, özəl şirkətlərin də sosial məsuliyyət çərçivəsində bu hərəkata dəstək vermələri vacibdir”, - deyə İ.Rəhimov vurğulayıb.

Görüşdə iştirak edən “DanceAbility Azərbaycan” inklüziv rəqs şirkətinin təsisçisi Nigar Sultanova rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə geniş məlumat verib.

M.Dikerson ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi ilə əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində əməkdaşlığı dəstəklədiyini bildirib.

Tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.

Xəbər 847 dəfə oxundu.