“Səbail” klubu baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında əllinci matçına çıxıb
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ” ilə matç Bakının “Səbail” klubunun iki üzvü üçün əlamətdar olub.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev yetirmələrini 50-ci dəfə rəsmi oyuna çıxarıb. 2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis çempionatda 43, kubok turnirlərində 5 və avrokuboklarda 2 görüşdə komandaya rəhbərlik edib. “Səbail” 50 oyundan 16-sında qələbə qazanıb, 9-da heç-heçə edib.

Komanda 25-ci məğlubiyyətini məhz ötən gün “Qarabağ” ilə görüşdə alıb – 0:1. A.Hacıyevin çalışdırdığı dövrdə komanda 48 qol vurub, 73 top buraxıb.

“Səbail”in futbolçusu Fəhmin Muradbəyli isə klub tarixinə Premyer Liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub.

Yarımmüdafiəçi 2017-2018-ci il mövsümündə 13 matçda 3, 2018-2019-cu il mövsümündə 24 oyunda 3 qol vurub. Cari mövsümdə isə 13-cü görüşünə çıxan futbolçu fərqlənməyi bacarmayıb.

Xəbər 671 dəfə oxundu.