Şəhriyar Məmmədyarov URS reytinq cədvəlində onuncu pillədə yer alıb
Şahmatçıların 2020-ci il fevral ayı üçün “Grand Chess Tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq siyahısı (URS) açıqlanıb. Reytinq cədvəlində klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınıb.

Reytinq əmsalı 2762 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov (2762) 10-cu, Teymur Rəcəbov (2760) 12-ci yerləri tutublar. Siyahının birinci pilləsində norveçli dünya çempionu Maqnus Karlsen (2855) qərarlaşıb. Çinli Liren Dinq (2802) ikinci, amerikalı Hikaru Nakamura (2801) üçüncüdür.

İlk yüzlükdə Azərbaycan şahmatçılarından Rauf Məmmədov (2684) 58-ci, Nicat Abbasov (2661) 92-ci, Eltac Səfərli (2661) 96-cıdır.


Xəbər 682 dəfə oxundu.