Bakıda “Avro 2020”yə həsr edilmiş “İntellektual Kubok” təşkil olunacaq
Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.

Bunların sırasına “Avro 2020”yə həsr olunmuş “İntellektual Kubok” da daxildir. Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur. Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.
Qeyd edək ki, turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı – DJ Fatehdir.

Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək “Avro 2020” oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə 1200, ikinci yerə 900, üçüncü yerə isə 600 manat dəyərində pul mükafatı veriləcək.
“İntellektual Kubok” fevralın 16-də Bakıda keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.

Xəbər 699 dəfə oxundu.