FHN-in qurumları arasında keçirilən şahmat çempionatının qalibləri müəyyənləşib
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən şahmat çempionatına yekun vurulub.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandanın tərkibində 100-ə yaxın əməkdaşı iştirak edib.

Beynəlxalq dərəcəli baş hakim Leyla Sarıyevanın idarə etdiyi turnirdə komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidməti, üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Vüsal Abbasov (Xüsusi Riskli Xilasetmə Xidməti) qazanıb. İkinci yeri Vaqif Pişiyari (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti) , üçüncü yeri isə Fuad Əliyev (Bakı Regional Mərkəzi) tutublar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, hələ ötən əsrin 70-ci illərində məhz Ulu Öndərin diqqət və qayğısı ilə ölkəmizdə şahmatın kütləviliyinin artırılmasına başlanılıb. Bu idman növü həm gənclərin asudə vaxtlarının səmərəli təşkili, həm də intellektual inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov idman yarışlarının təşkilinin sağlam gənc nəslin formalaşmasında və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətindən danışıb. Qeyd edib ki, Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət nəticəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılıb. İdmanın bu növü respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Füzuli Musayev və Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik edib, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.


Xəbər 677 dəfə oxundu.