Xanlar Qurbanov - 70
Bu gün SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovun doğum günüdür.

Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi almışdır. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunmuşdur. 1982-ci ildə Ümumittifaq dərəcəli hakim adına layiq görülmüşdür. Daha sonra 1986-cı ildə Ümumittifaq Bədən Tərbiyəsi Elmi – Tədqiqat İnstitutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını almışdır, 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlmişdir. 1988-ci ildə məşqçilik fakultəsinin dekan müavini təyin olunmuşdur. 1989-cu ildə “Güləşmə və onun metodikası” kafedrasının müdiri seçilmişdir. 1990-cı ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) üzvü, Bakı şəhər Sovetinin deputatı (1990-1995) seçilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi təyin olunmuşdur. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilmiş, 1994-cü ildə professor dərəcəsinə yüksəlmişdir. 1994-2007-ci illərdə AGİF-in icraiyyə komitəsinin üzvü olmuşdur. 1995-ci ildə İstanbul Tibb Universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirir. Daha sonra 1995-2003-cü illərdə sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur. 1996-cı ildə Olimpiya Akademiyasının vitse-prezidenti seçilmişdir. 2001-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2001-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuş, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın Beynəlxalq Dərəcəli Hakimi və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi dərəcəsinə nail olmuşdur. 2007-ci ildən Azərbaycan Zorxana İdman Federasiyasının (AZİF) prezidenti kimi fəaliyyətini davam etdirmişdir. Həmin ildə Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq dərəcəli hakimi təyin olunmuşdur. 2008-ci ildə Texniki Komissiyanın üzvü (BZİF) seçilən Xanlar Qurbanov həmin ildə Avropa Zorxana İdman Konfederasiyasının (BZİF) vitse-prezidenti, texniki komissiyanın sədri seçilmişdir. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.

ADBTİA-nın (Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası) “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiridir. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Evlidir, üç övladı var.

Xəbər 2165 dəfə oxundu.