Cüdoçularımızın Avropa kubokunda medal şansları
Fevralın 1-2-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək cüdo üzrə açıq Avropa kubokunda Azərbaycan komandası böyük heyətlə çıxış edəcək ki, bu da medal şanslarımızı artırır.

Qitə kubokunda Oruc Vəlizadə, Rövşən Əliyev, Davud Məmmədsoy, Turan Bayramov 60, Nurlan Osmanov, Vaqif Tarverdiyev 66, Kənan Quluzadə, Paşa Əliyev, Mətin Rzazadə 73 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi 81, Zaur Dünyamalıyev 90, Aslan Mirzəyev 100, İmran Yusifov 100 kiloqramdan yuxarı çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.

Komandamızın heyətində ötən il keçirilmiş bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları yer aldıqlarından yığmamızın yarışda uğurla çıxış edəcəyinə ümidlər daha da artır. Favoritlər arasında 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçularımızı xüsusi qeyd etmək olar. Açıq Avropa kubokunda medal ümidlərimizdən biri, 2019-cu ildə Bakıda keçirilmiş XV Avropa Gənclər Olimpiya Festivalının qalibi T.Bayramovdur. İstedadlı cüdoçumuz, eyni zamanda, ötən il yeniyetmələr arasında Avropa birinciliyinin və Avropa kubokunun qalibi olub. Bu çəki dərəcəsində yarışın daha bir favoriti Oruc Vəlizadədir. Bu il ilk yarışına çıxacaq cüdoçu, ötən il İtaliyada və Polşada keçirilmiş açıq qitə kuboklarının qalibi olub. Polşadakı açıq Avropa kubokunda gümüş medal qazanan D.Məmmədsoyun da medal şansları çoxdur. Təcrübəli cüdoçulardan olan D.Məmmədsoy “Böyük dəbilqə” və Qran-Pri turnirlərinin də mükafatçısıdır. Bu kiloqramın daha bir nümayəndəsi R.Əliyev də ötən il bir sıra nailiyyətlər qazanıb. Belə ki, gənclər arasında Avropa çempionatında ikinci yeri tutan cüdoçumuz Praqa və Berlində keçirilmiş qitə kuboklarının qalibi olub.

Digər çəki dərəcələrində də güclü cüdoçularımız heyətdə yer alıblar. Ötən il gənclər arasında Avropa çempionatının gümüş medalçısı N.Osmanov, yeniyetmələr arasında Avropa kubokunun mükafatçısı M.Rzazadə, Lüksemburq açıq Avropa kubokunun bürünc medalçısı Aslan Mirzəyev, Lüksemburqda və Praqada keçirilmiş Avropa kuboklarının qalibi İ.Yusifov və komandamızın digər üzvləri potensiallarından maksimum istifadə edərlərsə Vətənə medalla qayıda bilərlər.

Cüdoçularımız bu ilin ilk nüfuzlu turnirlərindən biri olan Təl-Əviv Qran-Prisini medalsız başa vurublar.

AZƏRTAC

Xəbər 683 dəfə oxundu.